
Qırtlaq xərçəngi ilə bağlı ən güclü risk faktorlarından biri siqaretdir. Tütün tüstüsündə olan zərərli maddələr səs telləri və qırtlaq selikli qişasında uzunmüddətli zədələnmə yaradır və zamanla xərçəng riskini artırır.
Ən vacib risk faktorları
- Uzunmüddətli siqaret və digər tütün məhsullarının istifadəsi
- Alkoqol istifadəsi ilə birlikdə artan risk
- Peşəvi toz və kimyəvi maddələrə məruz qalma
- Reflüks və xroniki səs qıcıqlanması
Erkən əlamətlər
3 həftədən çox davam edən səs batıqlığı, udqunma çətinliyi, boğazda yad cisim hissi, qulağa vuran ağrı və boyunda şişlik kimi əlamətlər diqqətdən kənarda qalmamalıdır. Erkən mərhələdə aşkarlanan qırtlaq xərçəngində müalicə nəticələri daha uğurlu olur.
Diaqnostika və müalicə
Endoskopik müayinə, biopsiya və radioloji görüntüləmə diaqnozun əsas hissəsidir. Müalicə mərhələdən asılı olaraq endoskopik cərrahiyyə, açıq cərrahiyyə, radioterapiya və ya kombinə olunmuş yanaşmaları əhatə edə bilər.
Qorunma mümkündürmü?
Ən effektiv qorunma tütün istifadəsinin dayandırılmasıdır. Uzunmüddətli səs dəyişiklikləri olan pasiyentlərin vaxtında LOR müayinəsinə gəlməsi həm erkən diaqnoz, həm də səs funksiyasının qorunması baxımından çox önəmlidir.